Dambrauskas: “Zirə”ni yaxşı analiz etmişdik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçiləri arasında bu gün Masazırda keçirilmiş matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah” ailəsini, rəhbərliyi, oyunçularımızı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün layiq olduğumuz qələbə əldə etdik. Oyuna çox yaxşı hazırlaşmışdıq, “Zirə”ni yaxşı təhlil etmişdik. Oyunboyu daha çox inamlı çıxış edən tərəf biz idik. Verdiyimiz tapşırıqları oyunçularım mükəmməl şəkildə icra etdilər. Birinci hissədə böyük üstünlük bizdə idi. “Zirə”yə böyük hörmətimiz var, Azərbaycanda məşqçi işi ən yaxşı olan komandalardan biridir. Amma qələbəyə layiq tərəf biz idik. Rəqibin qapı çərçivəsinə bircə zərbə vurmasına da imkan vermədik. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq və onları əks-hücumda tutacağıq. Bu da yaxşı işlədi və üçüncü qolu vurduq. Qalibiyyətdə oyunçularımın əməyi böyükdür. “Sabah”ın öz kimliyini yaratmalıyıq. Bu qələbəni təsvir etməyə sözlərim yetmir. Dörd oyunçumuz bu matçda oynamırdı. Amma bu gün şans qazanan cavan oyunçular çox yaxşı performans göstərdilər. Dünyanın ən xoşbəxt məşqçisiyəm, çünki onların necə inkişaf etdiyini görürəm”.

Dambrauskas ilk hissədən sonra paltardəyişmə otağına qaçaraq getməsinə də aydınlıq gətirib:

“Bizdə videoanaliz edən məşqçimiz var və o, tribunada olur. Oyun ərzində nələr baş verirsə, onu göstərmək üçün bura gəlir. Daha çox vaxt qazanmaq üçün ora gedirəm ki, seçim edək. Futbolçulara da göstərirəm ki, hansı detalları inkişaf etdirə bilərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: