Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatında (DÇ-2022) bu gün qrup mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, G və H qrupları çərçivəsində baş tutan oyunlardan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.
G qrupunda pley-offa vəsiqəni daha öncə təmin edən Braziliya yığması son turda Kamerunla qarşılaşıb. Digər matçda isə İsveçrə seçməsi Serbiya yığmasını sınağa çəkib. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun – Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqdılar. Beş qolun qeydə alındığı bu matçda sevinən tərəf məhz İsveçrə yığması olub. Braziliya ilə oyundan sürpriz qələbə ilə ayrılan Kamerun, həmçinin qrup sonuncusu olan Serbiya isə DÇ ilə vidalaşıb.
H qrupunda isə minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gəlib. Hesabı Portuqaliya yığması açsa da, Cənubi Koreya millisi yekunda əzmkar qələbəyə sevinib. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətiriblər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilərdi. Amma bu oyunda da Uruqvay yığması qalib gəlib. Lakin top fərqində daha yaxşı göstəricilərə malik Cənubi Koreyası ikinci yerlə pley-offa yüksəlib. Nəticədə Uruqvayla Qana mübarizəni dayandırmalı olub.
Xatırladaq ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2022
2 dekabr
G qrupu
Kamerun – Braziliya 1:0
Qol: Vensan Abubakar, 90+2.
Qırmızı vərəqə: Vensan Abubakar, 90+3 (ikinci sarı).
Baş hakim: İsmail Elfat (ABŞ).
“Lusail” stadionu.
Kamerun: 16. Devis Epassi, 19. Kollinz Fay, 25. Nuhu Tolo, 15. Pyer Kunde, 8. Andre Zambo-Anqissa, 20. Brayan Mbeumo, 13. Erik Şupo-Motinq, 4. Kristofer Vu, 24. Entso Eboss, 6. Nikolya Nqamalyo, 10. Vensan Abubakar (k).
Braziliya: 23. Ederson, 14. Eder Militao, 16. Aleks Telles, 13. Daniel Alves (k), 8. Fred, 15. Fabinyo, 21. Rodriqo, 19. Antoni, 18. Qabriel Jezus, 26. Qabriel Martinelli.
Serbiya – İsveçrə 2:3
Qol: Aleksandr Mitroviç, 26. Duşan Vlahoviç, 35 – Cerdan Şakiri, 20. Brel Embolo, 44. Remo Froyler, 48.
Baş hakim: Fernando Rapallini (Argentina).
“Stadium 974”.
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 16. Saşa Lukiç, 14. Andriya Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç (k), 18. Duşan Vlahoviç.
İsveçrə: 21. Qreqor Kobel, 3. Silvan Vidmer, 5. Manuel Akanci, 22. Fabian Şer, 13. Rikardo Rodriges, 10. Qranit Caka (k), 8. Remo Froyler, 23. Cerdan Şakiri, 15. Cibril So, 7. Brel Embolo, 17. Ruben Varqas.
Xal: Braziliya – 6. İsveçrə – 6. Kamerun – 4. Serbiya – 1.
H qrupu
Qana – Uruqvay 0:2
Qol: Corcian de Arraskaeta, 26; 32.
Matçın 26-cı dəqiqəsində Andre Ayyu penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Daniel Zibert (Almaniya).
“Əl-Janoub” stadionu.
Qana: 1. Lourens Ati-Zici, 21. Abdul Samed Salis, 18. Daniel Amarti. 10. Andre Ayyu (k), 9. Cordan Ayyu, 17. Abdul Rahman Baba, 20. Məhəmməd Kudus, 5. Tomas Parti, 4. Məhəmməd Salisu, 26. Alidu Seydu, 19. İnyaki Uilyams.
Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares (k), 15. Federiko Valverde.
Cənubi Koreya – Portuqaliya 2:1
Qol: Kim Yunq Qvon, 27. Hvanq Hi-Çan, 90+1 – Rikardo Horta, 5.
Baş hakim: Fakundo Telyo (Argentina).
“Edyukeyşn Siti” stadionu.
Cənubi Koreya: 1. Kim Sın Qyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Bom, 5. Yunq Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son (k), 9. Sun Kyu Ço.
Portuqaliya: 22. Dioqo Kosta, 3. Pepe, 24. Antonio Silva, 20. Joao Kanselo, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neves, 17. Joao Mario, 23. Mateus Nunyes, 21. Rikardo Horta, 7. Kristiano Ronaldo (k).
Xal: Portuqaliya – 6. Cənubi Koreya – 4. Uruqvay – 4. Qana – 3.
1/8 finalda kimlər qarşılaşacaq?
Beləliklə, Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında aşağıdakı kollektivlər üz-üzə gələcəklər:
3 dekabr
19:00. Niderland – ABŞ
23:00. Argentina – Avstraliya
4 dekabr
19:00. Fransa – Polşa
23:00. İngiltərə – Seneqal
5 dekabr
19:00. Yaponiya – Xorvatiya
23:00. Mərakeş – İspaniya
6 dekabr
19:00. Braziliya – Cənubi Koreya
23:00. Portuqaliya – İsveçrə


