Deşam və Mbappe millimizlə oyundan danışdılar

Fransa yığmasının baş məşçqisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan millisi ilə oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Fransa və Azərbaycan yığmaları arasındakı görüş sabah Paris şəhərində baş tutacaq.

Didye Deşam bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində yaxşı əhval-ruhiyyəyə sahibdir. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürmüş “Qarabağ”ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik”.

Fransa millisinin futbolçusu Kilian Mbappe də millimizlə oyundan öncəki mətbuat konfransında iştirak edib. Madrid “Real”ında çıxış edən 27 yaşlı hücumçu yüngül zədəsinin olmasına baxmayaraq, Azərbaycan yığması ilə görüşdə meydana çıxmaq istədiyini bildirib:

“Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: