Fransa yığmasının baş məşqçisi Didye Deşam Belçika yığmasına qarşı keçiricək oyundan gözləntilərini açıqlayıb.
Arena.az xatırladır ki, “xoruzlar” UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 4-cü turu çərçivəsində səfərdə Belçika yığmasına “qonaq” olacaqlar.
Didye Deşam matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz çox ilhamlı Belçika komandası ilə qarşılaşacağıq. Bu, əvvəlki oyunlarda baş vermiş hadisələri dəyişməyəcək. Biz üstünlükdən danışa bilmərik, bu, doğru deyil. Eyni məzmun, eyni qrup… Bu oyun da tarixin bir parçası olacaq”, – “RMC Sport” dərgisi fransız mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Belçika – Fransa oyunu bu gün, oktyabrın 14-də Brüsseldə baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 22:45-də başladacaq.
Əlavə edək ki, komandalar arasında Fransada keçirilmiş ilk oyun “xoruzlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
3 turdan sonra Fransa yığması 6 xalla UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunda 2-ci pillədə qərarlaşıb. Belçika yığması 4 xalla 3-cü yerdədir. İtaliya yığması 7 xalla qrupun lideri, qapazaltı İsrail yığması isə qrup sonuncusudur.


