Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzlar”ın ulduz hücumçusu və kapitanı Kilian Mbappe ilə bağlı sualı cavablayıb.
Arena.az “RMC Sport” dərgisinin “Telefoot” dərgisinə istinadı əsasında xəbər verir ki, fransız mütəxəssis ulduz futbolçunun yığmanın oyunları zamanı İsveçin paytaxtı Stokholmda gecə klubuna baş çəkməsini şərh edib:
“Mbappenin gecə klubuna yürüşü? Komandada olmayan futbolçularla bağlı xəbərləri izləmirəm. Kilian “Real”ın rəhbərlik etdiyi bərpa proqramında iştirak edir. Onun oyun zamanı klubda olub-olmadığını bilmirəm.
Bircə onu deyə bilərəm ki, Kilian İsrail yığması ilə oyundan əvvəl mənə ismarış göndərmişdi. Hər bir futbolçu kimi o da təqvimə sadiqdir. Əgər oyunçunun istirahət günü varsa, o, istədiyi hər şeyi etmək azadlığına malikdir”, deyə Deşam bildirib.
Xatırladaq ki, daha əvvəl Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün “xoruzlar”ın düşərgəsinə çağırılmadığını bildirmişdi.
Amma Didye Deşamdan fərqli olaraq, Fransa futbol ictimaiyyəti fərqli fikirdədir. Mbappe özünün bərbad idman forması mənzərəsində yenidən tənqid seli ilə üzləşib. Fransa futbol ictimaiyyəti “xoruzlar”ın kapitan sarğısını daşıyan futbolçunun gecə klublarını və restoranları gəzib-dolaşması, bunu açıq-aydın, yığma komandanın oyunları vaxtı, “belə də olmalıdır” üslubunda etməsi ilə razılaşmır. Fransada Mbappenin yığma komandada kapitanlıqdan məhrum edilməsini tələb edirlər.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


