Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Lionel Messinin Argentina millisində çıxışını başa vurmaq qərarına münasibət bildirib.
Arena.az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə “Mundo Deportivo” nəşrinə danışıb:
“Statistika onun məğlubedilməz olduğunu sübut edir. Messinin insani və idmançı kimi inkişafı bütün maneələri darmadağın edib. O, 20-25 il ərzində – artıq neçə ildir çıxış etdiyini saymağı da unutmuşam – həmişə ləyaqətli və hörmətli davranıb. Bu səviyyəni belə uzun müddət qorumaq inanılmaz dərəcədə çətindir.
Bir argentinalı kimi onun gördüyü bütün işlərə görə sonsuz minnətdarlığımı bildirirəm. Messi bizə böyük xoşbəxtlik bəxş edib. Ancaq onun ən böyük xidməti bizə öyrətdikləridir: dözümlü olmağı və hər şey istədiyimiz kimi getməyəndə belə mübarizəni sona qədər davam etdirməyi. Messinin bütün Argentina üçün və ən azı şəxsən mənim üçün əsas dəyəri məhz bundadır”, – deyə Dieqo Simeone bildirib.
Xatırladaq ki, Lionel Messi oktyabrın 6-dan 7-nə keçən gecə Argentina millisinin heyətində son beynəlxalq oyununu keçirib. Argentina yığması həmin qarşılaşmada Benini 3:0 hesabı ilə məğlub edib.
“İnter Mayami”nin 39 yaşlı hücumçusu Argentina millisinin heyətində ümumilikdə 208 oyun keçirib, 126 qol vurub və 69 məhsuldar ötürmə verib.


