İngiltərənin “Mançester Siti” klubunun sabiq yarımmüdafiəçisi Divayn Naa bundan sonra karyerasını “Turan Tovuz”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Sonuncu iş yeri Litvanın “Kauno Jalgiris” komandası olmuş qanalı futbolçu Azərbaycan təmsilçisinə azad agent kimi keçib. O, Tovuz klubu ilə 3 ay + 1 il müddətinə müqavilə imzalayıb. 27 yaşlı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Divayn Naa 2014-2018-ci illər aralığında məhz İngiltərənin “Mançester Siti” klubunda olub. Lakin o, bu komandada heyətə düşə bilmədiyi üçün Norveçin “Strömsqodset”, Niderlandın “NAK Breda”, Danimarkanın “Nordsyelland”, İsveçin “Örebro” (İsveç) və Belçikanın “Tubize” klublarına icarəyə verilib. Naa 2018-ci ildə “Mançester Siti”dən ayrılaraq “Tubize”yə transfer olunub. Ardından o, İsrailin “Hapoel” (Ra Anana) və Maltanın “Mosta” komandalarının formasını geyinib. Yarımmüdafiəçi 2021-ci ilin iyulundan “Kauno Jalgiris”də çıxış edirdi. Qanalı futbolçu Litva klubundan bu ilin yanvarında azad agent kimi ayrılandan bəri işsiz idi.
“Turan Tovuz”un yeni transferi bu keçidlə bağlı təəssüratlarını Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə açıqlayıb: “Öncə yüksək səviyyəli qarşılamaya görə hər kəsə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam. “Turan Tovuz”a faydalı olacağıma inanıram. Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir necə dostum var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim. “Turan Tovuz” forması ilə meydana çıxmaq üçün səbrsizlənirəm”.


