Donni van de Bek üçün yenə mövsüm erkən bitdi

Niderland millisinin və İspaniyann “Jirona” klubunun mərkəz yarımmüdafiəçisi Donni van de Bek uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu üçün 2025/2026-cı illər mövsümü erkən başa çatıb.

Belə ki, “Jirona”nın yarımmüdafiəçisi aldığı ağır zədə üzündən uzun müddət oynaya bilməyəcək. Niderlandlı oyunçu axill vətərlərinin qopması üzündən əməliyyat olunmalıdır. Belə zədələrin müalicəsi üçün isə 7-8 ay tələb olunur.

Xatırladaq ki, Van de Bek ötən mövsümü də vaxtından əvvəl qapamışdı. Ağır zədə alan yarımmüdafiəçi o zaman da mövsümün böyük hissəsində İspaniya klubuna yardım edə bilməmişdi.

Donni van de Bek 2024-cü ildə daha öncə icarədə olduğu “Jirona”ya “Mançester Yunayted”dən transfer olunmuşdu. Klubu ingilislərin “Ayaks”dan 39 milyon avroya aldığı oyunçunun keçidi üçün cəmi 500 min ödəmişdi. Onun İspaniya klubu ilə müqaviləsi 2028-ci ilin yayında bitəcək.

Donni “Jirona”nın heyətində cari mövsümdə cəmi 2 oyuna çıxıb. O, La Liqa təmsilçisinin heyətində bütövlükdə 37 oyun keçirib, 3 qol və 2 assist müəllifi olub.

Van de Bek əvvəllər “Ayaks”, “Ayntraxt” (Frankfurt) və “Everton”da da forma geyinib.

Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Donni, 2017-ci ilin noyabrında əsas millidə debüt edib. O, Niderland yığmasında 19 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: