Bir neçə gün öncə “Turan Tovuz”la yollarını ayıran sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev “Kəpəz”lə müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Ehtiram Şahverdiyev 2022-ci ilin iyul ayından “Turan Tovuz”da forma geyinirdi. Müdafiəçi Tovuz təmsilçisində 28 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, ötən ay Tovuz klubu ilə yeni – 1 illik müqavilə bağlasa da, üstündən bir neçə həftə keçdikdən sonra məhz “Kəpəz”dən aldığı təklifə görə həmin sözləşməsinə xitam vermək qərarına gəlmişdi.
Şahverdiyev daha öncə “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.
“Kəpəz” bu yay “Qəbələ”dən Rüfət Əhmədovu icarəyə götürüb, Vurğun Hüseynov, Zamiq Əliyev və Əli Səmədovu heyətinə qatıb. Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev və Kamran İbrahimovla da yeni müqavilə imzalanıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə Gəncə klubunu tərk ediblər.


