Elmar Baxşıyev: “Qəbələ”yə sonuncu olmaq yaraşmır”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. İlk turdan komandamın belə hücumda rəngarəng görünməsini istəyirdim və onlardan bunu tələb edirdim. Oyun üçün müəyyən planlarımız var idi. Hansı ki, onun üzərində də fasilə dönəmində işləyirdik. Sevindirici haldır ki, komanda meydanda onu yerinə yetirə bildi. Komandamı təbrik edirəm. Qələbə qazandıq, amma biz də bilirik ki, daha yaxşı olmağa cəhd etməliyik. Bu komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha da sanballı “Qəbələ” görəcəyik. Daha çox dominant futbol oynamağa çalışırıq. Amma əlbəttə ki, top həmişə bizdə olmur. Topu ələ keçirdikdə, komandanın qarşısına sürətli əks-hücumlara çıxmaq vəzifəsi də qoyuruq.

Desəm ki, Bilel Auaşeriya sırf “9 nömrə”dir, yalan danışmış olaram. Universal futbolçudur. Üç mövqedə oynaya biləcək oyunçudur. Bizim bu oyun üçün planlarımız var idi. Bilelin sırf hücumçu kimi oynaması da onun tərkib hissələrindən biri oldu. Ola bilər ki, qardaşıkı matçda cinah yarımmüdafiəçisi kimi başlasın. Oyunumuzu rəqibə görə də qururuq. Amma nəinki Bilel, ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik.

Tam səmimi deyim, oyun planında çox artırmalıyıq. Onlardan daha çox topa nəzarət etmək tələb olunur. O da ki, oyundan-oyuna yoluna qoyulacaq. Futbol həm çox sadə, həm də mürəkkəb idman növüdür. Əlimin altında bütün futbolçular olanda, daha rəngarəng oynayırıq. Bəzi oyunçular olmayanda, hücumçunu müdafiəmeyilli oynatmağa çalışırıq ki, boşluğu dolduraq. Mən də bilirəm ki, bu komandanın potensialı var. İnanıram ki, “Qəbələ” artıracaq. Bizə və kluba sonuncu pillələrdə qərarlaşmaq yaraşmır.

Elmar Baxşıyev ev oyununda qırmızı yox, ağ formada oynamalarına da aydınlıq gətirib:

“İki formamız var, biri qırmızı, digəri ağ. Seçim mənim yox, futbolçuların idi. Bu gün ağ formada oynamaq istədilər”.

“Bu məğlubiyyətdən dərs çıxarmalıyıq” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə Qəbələdəki darmadağınla bağlı bunları dilə gətirib:

“Bu cür oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyətlə üzləşdik. Birinci qola qədər bərabərsəviyyəli oyun gedirdi. Həmin qol komandamıza pis təsir etdi. İkinci hissədə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox güclüdür. Hesab 3:0 olduqdan sonra sistemi dəyişdik. Hücumameyilli oyunçuların hamısını meydana buraxdıqdan sonra bəlkə də, bir qol bizi həvəsləndirə bilərdi. Amma təəssüf ki, olmadı. “Qəbələ” bu gün çox yaxşı oynadı. Üzücü məğlubiyyətdir. Bundan dərs çıxarmalıyıq. Çünki toparlanmaq lazımdır. Mövsüm uzundur. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik. Bu durumdan çıxmağa çalışacağıq. Komandama inanıram. Gələcək oyunlarda azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Yeni futbolçularımızın olmasını istəyərdik. Amma bu dəqiqə bizim üçün qarşıdan gələn oyunlar çox vacibdir. Ona görə də, düşünməyə vaxt yoxdur. Zədəli və zədədən yeni qayıdan futbolçular var. Bu gün çox dəyişiklik etdik. Amma elə oyunlar var ki, dəyişiklik heç fayda vermir. “Qəbələ” ikinci yarıda elə üstünlük əldə etdilər ki, onlara hansı dəyişiklik etsən də, çətin idi. Amma bəzi mövqelər var ki, axsayırıq.

Turnir cədvəlində üst pillələrdə ola bilərdik, amma biz bilirdik ki, çempionat uzundur. Digər komandaların gücü də bəllidir. Bəzi reallıqlar var və biz bundan qaçmırıq. Mövsümün əvvəlindən məqsədimizin nə olduğunu deyirdik. Bunun uğrunda da mübarizə aparmaq lazımdır. Sadəcə, əsas odur ki, asan təslim olmayaq. “Qəbələ” ilə matçın ikinci yarısı bəlkə də, mövsüm ərzində ən zəif oyunumuz idi. Qola qədər epizodlarımız var idi. Amma buraxılan qoldan sonra narahatlıq yaşandı. Biz də rəqibə 4:0 qalib gəlmişik. Futbolda belə hadisələr baş verir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: