Azərbaycan güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş U-23 dünya çempionatında bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, 50 kq-da yarışan güləşçimiz mundialda mübarizəyə yarışın 3-cü günündə start vermişdi.
Elnurə 1/8 finalda kanadalı Kelin Yanqa “tuş”la, 1/4 finalda isə rusiyalı Mariya Tyumerekovaya 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi. Məmmədova finalın bir addımlığında amerikalı Audri Ximenesə 4:7 hesabıyla məğlub olmuşdu.
Elnurə Məmmədova bu gün bürünc medal uğrunda hindistanlı Nilam Nilamla güləşib. O, bu rəqibinə 8:5 hesabıyla qalib gələrək U-23 dünya çempionatının bürünc medalına sahib çıxıb.
Yeri gəlmişkən, yarışın 4-cü günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub – 0:10.
Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizenə tam üstünlüklə (10:0) qalib gələrək dünya çempionatının finalına yüksəlib. Jalə sabah finalda yaponiyalı Sara Natami ilə güləşəcək.
Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub – 0:10.
Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:11.
Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub – 3:6.
Xatırladaq ki, U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edir. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.
Daha əvvəl Azərbaycanın sərbəst güləş yığmasının üzvləri mundialda 5 medal (2 gümüş, 3 bürünc) qazanıblar. Bu nəticə ilə Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub. Millimizin heyətində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıblar.