“Qəbələ”nin zədəli futbolçularından daha biri – Emil Səfərov “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə sıraya dönüb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
“Qəbələ” Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb. Fares Abu Akel hələ də bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir.
Bakıda baş tutacaq görüş komandalar arasında ümumilikdə 75-ci duel olacaq. İndiyə qədər rəqiblər 74 dəfə üz-üzə gəliblər. Bu oyunlarda 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə ediblər, 40 matçdan xalsız ayrılıblar. 57 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 119 top buraxıb.
Premyer Liqada 60-cı dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 34 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 95 top buraxıblar.
“Qəbələ” tarixində 37-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan “Qəbələ” 10 heç-heçə edib və 22 dəfə uduzub. Səfərdə 24 qolu olan “Qəbələ” futbolçuları 67 top buraxıblar.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşünə saat 19:30-da start veriləcək. “Qarabağ” hazırda 29 xalla çempionatın vahid lideridir. “Qəbələ” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.


