Emin Mahmudov “40”a çatdı, “Neftçi” tarixində 5-ci oldu

“Neftçi”nin və milli komandamızın yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 29-cu turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.

Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.

Emin Mahmudov 2017/2018 mövsümündən “Neftçi”nin formasını geyinir. Yarımmüdafiəçi 2017-ci ilin sentyabrında müqavilə imzaladığı paytaxt klubunun heyətində indiyə qədər 225 oyun keçirib. O, bu oyunlarda 54 qol vurub, 57 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 47 oyuna 13 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: