Emmanuel Hakman və Alexandro Serrano ilə yeni müqavilə

“Turan Tovuz” daha iki legioner futbolçusu – Emmanuel Hakman və Alexandro Serrano ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb. Onlar 2024/2025-ci illər mövsümünün sonunadək Tovuz klubunun uğurları üçün çalışmağa davam edəcəklər.

Emmanuel Hakman peşəkar karyerasına Portuqaliyanın “Vila Real” klubunda başlayıb. Daha sonra o, bu ölkədə “Boavişta”, “Aveş”, “Portimonense”, “Jil Visente” kimi klubların da formasını geyinib. Müdafiəçi “Turan Tovuz”dan öncə Serbiyada “Mladost”un şərəfini qoruyub. Tovuz klubuna 2023-cü ilin sentyabr ayında azad agent kimi qoşulmuş toqolu mərkəz müdafiəçisi bu komandada indiyə qədər 26 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hakman 2022-ci ilin mart ayında debüt matçına çıxdığı Toqo milli komandasının heyətində 8 oyun keçirib. 29 yaşlı futbolçu bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Alexandro Serrano isə peşəkar karyerasına Xixon “Sportinq”ində başlayıb. O, “Espanyol”, “Malyorka” və “Selta”nın B komandalarında da oynayıb. Ölkəsində “Malyorka”, “Salamanka”, “Talavera”, “Korneliya” kimi klubların formasını geyinmiş futbolçu Polşa və Bolqarıstanda legioneri həyatı yaşayıb. 2021/2022 mövsümündə Polşanın “Qurnik” komandasında oynamış futbolçu 2022-ci ildən Tovuza gələnə kimi Bolqarıstan “Hebar”ında forma geyinib.

“Turan Tovuz”a 2023-cü ilin iyul ayında qoşulmuş ispan futbolçu bu komandada 36 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Serrano İspaniyanın U-17, U-18 və U-19 yığmalarında da çıxış edib.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Şəhriyar Əliyev və Aleks Souza ilə də yeni müqavilə imzalandığını açıqlamışdı. Elçin Qasmov isə “Şamaxı”dan icarədən qayıdıb. Tərlan Əhmədli “Araz-Naxçıvan”a, Fərid Nəbiyev də “Səbail”ə keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: