Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin Paris klubunda qalmasında israr etməyə çalışacağına söz verib.
Arena.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.
Məlumatda deyilir ki, parisli gənc azarkeşlərdən biri Makrondan Mbappenin PSJ-də qalması üçün nəsə etməsini istəyib və prezident bunu belə cavablayıb: “Mən bunu təkid etməyə çalışacağam”.
Xatırladaq ki, daha əvvəl Mbappenin bu yay PSJ-ni tərk etməyə hazır olduğu bildirilirdi. Hücumçu ilə “Real”, həmçinin bir sıra İngiltərə Premyer Liqası təmsilçiləri maraqlanırlar.
Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Mbappe müqaviləni daha bir mövsüm uzatmaq variantından imtina etdiyi üçün gələn mövsümün bitməsilə azad agent ola bilər. Bu isə PSJ-nin hücumçunu əldən havayı buraxması deməkdir. Məhz bu səbəbdən Paris klubu hücumçunu satmağa meyllidir.
Vurğulayaq ki, bir il əvvəl Emmanuel Makron artıq Mbappe ilə danışıb, onu PSJ-də qalmağa inandırmışdı.


