Futbol üzrə Argentina milli komandasının sağ vingeri Erik Lamela 3 ildir formasını geyindiyi İspaniyanın “Sevilya” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
32 yaşlı futbolçu üçün vida mərasimi təşkil olunub. İspaniya klubu təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğur arzulayıb.
Lamela 2021-ci ilin iyul ayında “Tottenhem”dən azad agent kimi “Sevilya”ya qoşulmuşdu. O, bu komandanın heyətində 92 matça çıxıb, 16 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Cinah oyunçusu “Sevilya” ilə Avropa Liqasının 2022/2023 mövsümünün qalibi olub.
“River Pleyt”in yetirməsi olan Erik Lamela karyerası ərzində “Roma” və “Tottenhem”in də şərəfini qoruyub. O, 2011-ci ilin may ayında debüt etdiyi Argentina milli komandasının heyətində 25 oyuna çıxıb, 3 qol vurub, 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

“Sevilya” Lameladan sonra mərkəz yarımmüdafiəçisi Oliver Torrresin də komandadan ayrıldığını açıqlayıb. 29 yaşlı ispan futbolçunun da klubla müqaviləsinin müddəti başa çatıb və ona yeni sözləşmə təklif edilməyib.
Oliver Torres 2019-cu ildən “Sevilya”da çıxış edirdi. O, bu komandanın 201 oyuna çıxıb, 11 qol və 21 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə “Portu”, “Atletiko” (Madrid) və “Vilyarreal” kimi klublarda da çıxış edib.
Oliver Torres İspaniyanın U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.



