Ernesto Valverde “Atletik”də qalacaq – 2024-cü ilin yayına kimi!

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Atletik” (Bilbao) klubu baş məşqçisi Ernesto Valverde ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

59 yaşlı mütəxəssis yeni müqaviləyə əsasən 2024-cü ilin 30 iyununa qədər “Atletik”ə rəhbərlik etməyə davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.

Ernesto Valverde 2022-ci ilin iyul ayında “Atletik”in baş məşqçisi təyin olunub. O, bu mövsüm komandanı 26 oyuna çıxarıb. Bilbao təmsilçisi bu görüşlərdə 14 qələbə qazanıb, 5 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Atletik” bu mövsüm La Liqada keçirdiyi 21 oyunda 32 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.

Valverde daha öncə də “Atletik”də baş məşqçi kimi çalışıb. O, 2001/02 mövsümündə bu klubda köməkçi kimi məşqçilikdəki ilk addımlarını atıb. 2002-2005-ci illər aralığında isə baş məşqçilik edib. 2005-ci ildə Bilbao təmsilçisindən ayrılan mütəxəssis “Espanyol”, “Olimpiakos” (Yunanıstan), “Vilyarreal” və “Valensiya” kimi klubları çalışdırdıqdan sonra yenidən “Atletik”ə qayıdıb. Valverde 2013-2017-ci illər aralığında daha 4 mövsüm basklara rəhbərlik edib. 2015-ci ildə basklar bu məşqçinin rəhbərliyi altında İspaniya Super Kubokunun qalibi olublar.

Valverdenin “Atletik”dən əvvəlki sonuncu iş yeri “Barselona” olub. O, 2017-ci ilin yayından 2020-ci ilin yanvarına qədər Kataloniya klubuna rəhbərlik edib.

Yeri gəlmişkən, “Atletik” bir müddət öncə müqaviləsinin müddətini uzatdığı hücumçusu Asyer Vilyalibreni “Alaves”ə icarəyə verib. İspaniyadan olan 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi bu komandada icarədə olacaq. O, yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi “Atletik”ə məxsus olacaq. Onun klubla əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaqdı.

Asyer Vilyalibre 2016-cı ildən “Atletik”də çıxış edir. O, Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 103 oyunda 13 qola imza atıb. O, cari mövsümdə isə 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Vilyalibre karyerası ərzində “Baskoniya”, “Numansiya”, “Valyadolid” və “Lorka” kimi klublarda da forma geyinib. Hücumçu İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: