“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər.
Ernesto Valverde bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında əvvəlcə “Atletik”in “Qaraabağ”a 9 qol vuracağını dediyi barədə iddialara aydınlıq gətirib:
“Bu, mənə verilən ən yaxşı suallardan biridir, cavab vermək istəyirəm. Təsəvvür edin, hansısa məşqçi futbolçularına belə bir söz deyərdi? Kim öz ölkəsində mənim bunu dediyimi iddia edirsə, bu, cəfəngiyyatdır. “Qarabağ” hazırda turnir cədvəlində bizdən yuxarıdadır və bunu öz oyunu ilə qazanıb. Biz isə təvazökar olmalıyıq”.
Valverde üç gün əvvəl La Liqa matçına çıxdıqları üçün komandada yorğunluq olub-olmadığına dair sualı isə belə cavablandırıb:
“Qarabağ” cümə günü oynayıb. Onlar adətən oyunların sıxlığına görə heyətdə bir neçə dəyişiklik edirlər. Amma son matçda meydana kifayət qədər tanış heyətlə çıxmışdılar. Üç gün aralıqla oynamaq bizim üçün çətinlikdir, üstəlik, üç gün sonra yenə oyun var”.
Ernesto Valverde sabahkı matç üçün hədəflərini də açıqlayıb:
“Qələbə qazanmasaq, vəziyyət bir qədər mürəkkəbləşəcək. Oyun başlamadan hesablama aparmaq lazım deyil. Qarşımızda ciddi rəqib var, amma məqsədimiz üç xal qazanmaqdır. Onlara böyük hörmətlə yanaşırıq, çünki güclərini bilirik. Diqqətimiz qarşıdakı oyundadır. Onlar rahat oynayırlar, xüsusilə orta sahədə və hücumda keyfiyyətli futbolçuları var. Komandada çoxlu legioner çıxış edir. Yarımmüdafiədən hücuma yaxşı şəkildə çıxırlar.
Komandaya həmişə eyni mesajı veririk. Oyuna fokuslanmaq, topla və topsuz yaxşı oynamaq və diqqətli olmaq lazımdır. Hücumda və müdafiədə ən yaxşı oynayan komanda daha çox qələbə qazanır. Bunu öz xeyrimizə çevirməyə çalışmalıyıq. Hər iki istiqamətdə ən yaxşı oyunumuzu göstərmək və bunun nəticəsində müsbət nəticə əldə etmək istəyirik.
Çempionlar Liqasında oynamaq çətindir. Burada Avropanın ən güclü komandaları ilə qarşılaşırsan. Bu, sanki hər həftə “Real”, “Barselona” və ya “Atletiko”ya qarşı oynamaq kimidir. Bu, çətindir, amma bizi təəccübləndirmir. Bu, motivasiyadır və biz xal qazanmaq istəyirik.


