Latviyalı futbol mütəxəssisi Ervin Perkon bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli”də fəaliyyət göstərəcək.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, “İmişli” məşqçilər korpusunu gücləndirib. Latviyalı mütəxəssis bölgə təmsilçisinin köməkçi məşqçisi təyin olunub.
UEFA PRO lisenziyasına malik olan 35 yaşlı mütəxəssis 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Yelqava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.
Çalışdırıcı adıçəkilən komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın Birinci Liqasının çempionluğuna daşıyıb.
Ervin Perkon fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib. Onun məşqçilik fəlsəfəsinin əsasını intizamlı komanda oyunu, yüksək intensivlik, taktiki nizam-intizam və futbolçuların fərdi inkişafı təşkil edir.
Xatırladaq ki, “İmişli” bu yay Xorxe Kaskilyanın istefasından sonra bu posta sabiq baş məşqçisi Fərid Namazovu gətirib.


