“Fənərbaxça” “Qalatasaray”la matça U-19 komandasını çıxaracaq

Türkiyənin “Fənərbaxça” klubu “Qalatasaray”a qarşı keçirəcəkləri ölkə Super Kuboku matçına U-19 komandası ilə çıxacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub Türkiyə Futbol Federasiyasına (TFF) məktub yollayaraq qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağını bəyan edib. TFF isə İstanbul təmsilçisinin bu tələblərinin qəbul edilmədiyini açıqlayıb.

Bu isə o deməkdir ki, “Fənərbaxça” əzəli rəqibi ilə prinsipial qarşılaşmada 19 yaşadək futbolçulardan ibarət komandası ilə mübarizə aparacaq. İstanbul klubu bununla əlaqədar azarkeşlərinə də sözügedən oyun üçün səfərə yollanmamağı məsləhət görüb.

Yeri gəlmişkən, “Fənərbaxça” qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda iştirakdan imtina etdiyini də açıqlayıb. Belə ki, İstanbul klubu 2024/2025 və 2025/2026 mövsümlərində ölkə kubokuna qatılmayacağını TFF-yə rəsmi olaraq bildirəcəyini açıqlayıb.

Türkiyə Super Kuboku uğrunda qarşılaşma aprelin 7-də Şanlıurfada oynanılacaq. Oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. Bu qarşılaşma ötən ilin sonunda Səudiyyə Ərəbistanında keçirilməli idi. Hətta Türkiyə nəhəngləri və onların azarkeşləri bu oyun üçün sözügedən ölkəyə yollanmışdı. Lakin matç günü Səudiyyə Ərəbistanı Türkiyə klublarına bəzi məhdudiyyətlər tətbiq etdiyi üçün komandalar meydana çıxmaqdan imtina etmişdilər və Super Kubok matçı təxirə salınmışdı. TFF bir müddət əvvəl bu matçın aprelin 7-də Urfada keçiriləcəyinə qərar versə də, “Fənərbaxça” avrokubok oyunlarına görə “Qalatasaray”la görüşün sonrakı tarixlərdə baş tutmasını tələb etmişdi. Amma həm qarşı tərəf, həm də TFF onların bu istəyini yerinə yetirməkdən imtina edib.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: