Fantastik iddia: Mbappe bu yay “Real”a keçir – 250 milyon avroya!

Futbol üzrə Fransa milli komandasının və PSJ-nin ulduz hücumçusu Kilian Mbappe bu yay İspaniya nəhəngi “Real”a keçəcək.

Arena.az xəbər verir ki, “PSG Community” belə bir iddia irəli sürüb.

Mənbənin məlumatına görə, 24 yaşlı fransız ulduzun bu yay “Real”a transferi ilə bağlı “Kral klubu”nun prezidenti Florentino Pereslə PSJ-nin rəhbəri Naser Əl-Xelaifi arasında razılıq əldə edilib. Vurğulanır ki, “Real” Mbappe üçün 250 milyon avro ödəyəcək. Bu məbləğin 50 milyon avrosunun bonuslar şəklində ödənilməsi nəzərdə tutulub.

Mbappenin Parisdə qalmağa və daha bir il keçirməyə hazır olduğuna dair açıqlamalarına rəğmən, PSJ rəhbərliyi qəti mövqe nümayiş etdirib: Mbappe ya gələn yay bitəcək müqavilənin müddətini uzatmalıdır, ya da bu yay tranferə çıxarılacaq. Klubun transfer bazarındakı fəaliyyətindən məyus olmuş Mbappe, PSJ layihəsinin “nala-mıxa vurduğu” qənaətindədir və indidən karyerasının hayına qalmağı düşünür.

Klub rəhbərliyi isə Mbappenin yalnız son anda komandada qalmağa qərar verdiyi 2022-ci ildəki vəziyyətin təkrarlanmasını istəmir. Satışı halında, PSJ rekord məbləğdə gəlir əldə etmək niyyətindədir. Bununla yanaşı, rəhbərlik Mbappenin müqaviləsini avtomatik qaydada yeniləməyi nəzərdə tutan maddəyə qol qoyacağına hələ də inanır. Mövcud müqavilə isə 2024-cü ilin 30 iyununa qədərdir.

2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə edib. O, komandası ilə Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.