Federasiya prezidenti Didye Deşamın millidə qalacağını açıqladı

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo “xoruzlar”ın baş məşqçisi Didye Deşamın gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Ekip” dərgisinə istinadən məlumat verir ki, o, Deşamın AÇ-2024-də uğursuzluğuna rəğmən, fransız mütəxəssisi “xoruzlar”ın sükanı arxasında vəzifəsində saxlayacaq:

“Deşamın cari müqaviləsini şübhə altına almaq üçün heç bir səbəb görmürəm. Keçmiş yarışların nəticələri onun xeyrinə danışır, hədəflərə isə çatılıb. Didye Fransa yığmasının başında işləməyə davam edəcək”, deyə Diallo vurğulayıb.

Xatırladaq ki, Fransa yığması AÇ-2024-ün yarımfinalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, yarışı tərk edib.

Vurğulayaq ki, Avropa çempionatı ərəfəsində “xoruzlar” mötəbər yarışım qalibi adına əsas iddiaçı göstərilirdilər. Yarışın gedişində isə Fransa yığması “dişsiz” bərbad oyunu ilə diqqət çəkib.

Didye Deşam “xoruzlar”ı 2012-ci ilin iyulundan çalışdırır. Fransız mütəxəssisin Fransa yığması ilə müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Deşamın rəhbərliyi altında “xoruzlar” 160 oyuna çıxıblar, 102 dəfə rəqiblərini “dimdikləyib” udublar, 30 oyundan bərabərliklə ayrılıblar, 28 oyunda isə “yolunublar”. Komandanın top fərqi 335:146 nisbətindədir.

Didye Deşam Fransa yığmasına 2018-ci ildə Rusiyada keçirilmiş FIFA Dünya Kubokunu və 2020/2021-ci ilər mövsümü UEFA Millətlər Liqasını qazandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: