Federasiya prezidenti: “Mbappenin istəyinə təsir hüququm yoxdur”

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo milli üzvü Kilian Mbappenin PSJ-dən mümkün gedişi ilə bağlı danışıb.

Arena.az “Footmercato”ya istinadən Diallonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hər kəs öz çempionatında ən yaxşı oyunçuların olmasını istəyir. Məhz onlar səni xəyal etməyə sövq edir, oyunların gedişatını dəyişirlər. Məndən onun qalması haqda soruşsanız, cavabım belədir: “O, Fransada nə qədər çox olarsa, bu, Fransa futbolu üçün bir o qədər yaxşıdır”. Ancaq mənim, federasiyanın prezidenti olaraq, oyunçunun istəklərinə təsir etmək hüququm yoxdur”, deyə Diallo bildirib.

Mbappenin yay transfer pəncərəsində PSJ-ni tərk edə biləcəyi barədə xəbərlər dolaşır. Fransız ulduzun karyerasını “Real”da davam etdirəcəyi ehtimal edilir.

Xatırladaq ki, PSJ, müqaviləsini avtomatik qaydada yeniləməkdən imtina etmiş Mbappeni gələn mövsüm havayı itirməmək üçün, ulduz hücumçunu bu yay transfer pəncərəsində ya müqaviləsini yeniləməyə icbar etmək ya da transferə çıxarmaq mövqeyindən çıxış edir.

Mbappenin PSJ ilə cari müqaviləsi 2024-cü ilə qədərdir. Fransız futbolçu geridə qalmış mövsümdə PSJ-nin heyətində 43 oyuna çıxıb. O, 41 qol vurub, 10 məhsuldar ötürmə verib, komandası ilə Fransa çempionluğunu qazanıb. 24 yaşlı hücumçu 29 qolla turnirin ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: