FIFA prezidenti Messinin DÇ-2034-də də oynayacağını gözləyir

FIFA prezidenti Canni İnfantino “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi haqqında maraqlı fikir söyləyib.

Arena.az “TyC Sports” dərgisinə istinadən məlumat verir ki, İnfantino ondan Messinin növbəti dünya çempionatında oynaya biləcəyi haqda sualını özünəməxsus istehza ilə cavablayıb:

“Mən Messinin 2026-cı il dünya çempionatında oynayacağını gözləyirəmmi? Növbəti çempionatda da, 2030-cu ildə də, 2034-cü ildə də. Onun istəyinə uyğun olaraq”, deyə FIFA prezidenti bildirib.

Bundan əvvəl Argentina yığmasının kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında iştirak edəcəyini istisna etmirdi. Hücumçunun sözlərinə görə, özünü yaxşı formada hiss etsə, mundialda oynayacaq.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: