“Real”ın prezidenti Florentino Peres PSJ-nin ulduz hücumçusu Kilian Mbappeni transfer etməzdən əvvəl oyunçularını satmağı planlaşdırır.
Arena.az bu haqda “Relevo”ya istinadən xəbər verir.
Peres hesab edir ki, ulduz hücumçunun gəlişindən əvvəl – bu, yalnız gələn il baş versə belə, “Real” ona heyətdə yer açmalıdır. “Real”ın hücumda digər satınalmalardan imtina etməsinin səbəbi də bu ola bilər. Bu arada “Real”ın 29 yaşlı Harri Keyndən də imtinası anlaşılandır.
Xatırladaq ki, Florentino Peres “Espanyol”un keyfiyyətli və məhsuldar oyun sərgiləyən 33 yaşlı hücumçusu Xoselunun Madridə gəlişini açıqlayarkən, bu transferin bu yay transfer pəncərəsində “Real” üçün sonuncu olacağını bildirmişdi.
Daha əvvəl Mbappenin PSJ ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilirdi. Hücumçu ilə müqavilə bir il müddətinə uzadıla bilərdi, lakin Mbappe PSJ rəhbərliyinə bunu etmək istəmədiyini bildirib.
Vurğulayaq ki, “Real” Mbappeni heyətinə qatmaq istəyən klublar arasında ən iddialıdır.
2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyun keçirib, 41 qol vurub, 10 məhsuldar ötürmə edib, komandası ilə Fransa çempionluğunu qazanıb və 29 qolla milli çempionatın bombardiri olub.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


