Florian Virts Bundesliqada oktyabrın ən yaxşı oyunçusu seçildi

“Bayer”in alman hücumameylli yarımmüdafiəçisi Florian Virts oktyabr oyunlarının nəticələrinə əsasən, Bundesliqanın ən yaxşı oyunçusudur.

Arena.az bu barədə Bundesliqanın rəsmi saytına istinadən məlumat verir.

Gənc yarımmüdafiəçi səsvermədə Harri Keyn, Ceremi Frimponq, Leroy Sane, Kinqsli Koman və Lua Opendanı qabaqlayıb. Oktyabr ayında Virts Bundesliqanın 3 oyununda 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Maraqlıdır ki, “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn oktyabrda 3 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib, buna rəğmən, Virts səsvermədə Keyni qabaqlaya bilib.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Virts “əczaçılar”ın heyətində 17 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürmə verib.

Florian Virts 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 13 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib. Florian Almaniyanın U-21 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı Florian Virtsi 85 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl, Florian Virtslə “Barselona”nın maraqlandığı bildirilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: