Braziliya nəhənglərindən biri, Rio-de-Janeyronun “Fluminense” komandası tarixində ilk dəfə Libertadores Kubokunu qazanıb.
Arena.az xəbər verir ki, turnirin 2023-cü il mövsümünün final oyunu möhtəşəm “Marakana”da təşkil olunub.
Həlledici oyunda Argentina nəhəngi “Boka Xuniors”u qəbul etmiş “Fluzao” 2:1 hesablı qələbəyə sevinib.
Oyun cənubiamerikan futboluna xas mübarizə və dramatizm şəraitində keçib. Hesabı 36-cı dəqiqədə Kenonun ötürməsindən “Flu”nun argentinalı hücumçusu Xerman Kano açıb. “Boka Xuniors” 72-ci dəqiqədə hesabı bərabərləşdirib. Perulu müdafiəçi Luis Advinkula Kristian Medinanın ötürməsindən fərqlənib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Əlavə vaxtda, 99-cu dəqiqədə Keno yenidən məhsuldar ötürmə ilə fərqlənərək, hücumçu Con Kennediyə qol vurmağa imkan yaradıb, “Flu” hesabda yenidən önə keçib. Qoldan cəmi ikicə dəqiqə sonra, 101-ci dəqiqədə qolun müəllifi Con Kennedi qeyri-idmani davranışı müqabilində ikinci sarı vərəqəsini alaraq meydandan qovulub. Əlavə vaxtın ilk hissəsinə əlavə edilmiş 7-ci təzminat dəqiqəsində hakim “Boka Xuniors”un perulu müdafiəçisi Frank Fabraya da qeyri-idmani davranışı səbəbilə birbaşa qırmızı vərəqə göstərərək, paltardəyişmə otağına göndərib.
Qalan vaxt ərzində qarşılıqlı hücumlarla müşayiət edilən oyunda hesab dəyişməyib və “Fluminense” beynəlxalq turnirlərdə ilk qələbəsini rəsmiləşdirib.
Vurğulayaq ki, komandaların heyətində dünya futbolunun ulduzları da çıxış ediblər. Məşhur uruqvaylı hücumçu Edinson Kavani “Boka Xuniors”un heyətində 78 dəqiqə meydanda olub və əvəzlənib. “Real”ın sabiq futbolçusu, “Fluminense”nin dol cinah müdafiəçisi Marselo 80-ci dəqiqədə əvəzlənib.
“Yuventus”un və “İnter”in sabiq yarımmüdafiəçisi, “Flu”nun dayaq yarımmüdafiəçisi Felipe Melo 52 dəqiqə meydanda olub. Bu futbolçular turnir boyu komandalarının finala çıxmasına xeyli səmərə veriblər.
“Fluminense”nin argentinalı hücumçusu Xerman Kano 13 qolla turnirin ən sərrast futbolçusu olub.
Vurğulayaq ki, “Fluminense” Braziliya futbolunun nəhənglərini ehtiva edən G-12 birliyinin üzvüdür. Buna qədər “Fluzao” beynəlxalq arenada heç bir turnirdə qələbə qazanmamışdı. Qitənin ən mötəbər turniri Libertadores Kubokuu qazanmaqla klub uğursuz adını üzərindən götürmüş olub.
Braziliya klublarının mötəbər turnirdə ağalığı davam edir, artıq ardıcıl 5-ci dəfədir ki, Libertadores Kuboku Braziliya klublarının muzeyinə yollanır.


