Fransa 3-cü liqasının oyunu yanğın səbəbindən yarıda qaldı

Fransa üçüncü divizionunun dünən, avqustun 23-də keçirilmiş “Orlean” – “Valensyen” oyunu hesab 1:1 ikən ləğv edilib.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, bu qərara səbəb arenaya yaxın yerləşən, azarkeşlər üçün nəzərdə tutulmuş barda baş vermiş güclü yanğın olub.

Oyun dayandırıldıqdan dərhal sonra azarkeşlərə oyunun keçirildiyi “Stad de la Surs”u tərk etmək əmri verilib.

Oyun əvvəlcə müvəqqəti dayandırılıb, amma sonradan təhlükəsizlik səbəbi ilə oyuna rəsmən xitam verilib. Stadionu tez bir zamanda qatı, zəhərli tüstü bürüyüb. Bir çox azarkeş oturacaqlarından qalxıb stadionu tərk edərkən burunlarını örtməyə və zəhərli tüstüdən qorunmağa çalışıblar.

Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər yanğın artıq böyük güclə alovlansa da, alovun qarşısı tez bir zamanda alınıb, bir qədər sonra isə yanğın tam söndürülüb.

Hadisə nəticəsində itkilərin olmadığı bildirilir. Oyuna gəlincə isə qarşılaşmanın dəqiq başaçatma tarixinin daha sonra açıqlanacağı haqda məlumat verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: