Məlum olduğu kimi, Fransa yığması AÇ-2024-ün yarımfinalında İspaniya millisinə 1:2 hesabı ilə məğlub olaraq, yarışı tərk edib.
Arena.az məlumat verir ki, “xoruzlar”ın, komandanın “uğur çubuğu” – dayaq yarımmüdafiəçisi N’Qolo Kante ilə mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) meydana çıxdığı 20 oyunluq məğlubiyyətsiz oyunlar silsiləsi (13 qələbə, 7 heç-heçə) qırılıb.
Xatırladaq ki, Kantenin müvafiq nailiyyəti avropalı oyunçular arasında mütləq rekorddur.
N’Qolo Kante futbola “Syuren” klubunda qədəm qoyub. “Dayaqçı” karyerası ərzində “Bulon”, “Kan”, “Lester Siti”, “Çelsi” və “Əl-İttihad” (Ciddə) klublarında oynayıb.
“Əl-İttihad” Kanteni 2023-cü ilin iyulunda “Çelsi”dən azad agent qismində öz heyətinə qatıb. Fransalı futbolçunun ərəb klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kante “Əl-İttihad”ın heyətində bütün yarışlarda 44 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
N’Qolo Kante 2016-cı ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 61 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
N’Qolo Kantenin qənimətlər muzeyində klub səviyyəsində “Lester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası (2015/2016), həmçinin “Çelsi” ilə qazandığı İngiltərə Kuboku (2017/2018), İngiltərə Liqa Kuboku (2018/2019), Avropa Liqası (2018/2019), Çempionlar Liqası (2020/2021), UEFA Super Kuboku (2021) və FIFA Klub Dünya Kuboku (2021) var.
“Xoruzlar”la isə Kante 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatını və 2020/2021-ci illər mövsümü UEFA Millətlər Liqasını qazanıb, həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı olub.
Fərdi mükafatlara gəlincə, Kante 2017-ci ildə İngiltərə və Fransada ilin futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 33 yaşlı yarımüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.


