Fransız siyasətçi Erik Zemmur “Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzemanı ünvanına tənqidi çıxış edib.
Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir:
“Biz bilirik ki, Benzema Fransa yığmasında yalnız pul və idman nəticələri üçün təsadüfən oynayıb. O, bunu özü deyib. O, qəlbən fransız deyil. O, Fransanı sevmir, heç vaxt da sevməyib. O, şəriəti tətbiq etmək istəyən müsəlmandır”, – deyə fransız siyasətçi bildirib.
Xatırladaq ki, bundan əvvəl Fransanın daxili işlər naziri Cerald Darmanen Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə ittiham etmişdi. Daha sonra Benzemanın vəkili bu ittihamın müqabilində futbolçunun Darmaneni məhkəməyə verə biləcəyini bildirib.
Bundan əvvəl Benzema İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə etmişdi.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.


