Füzuli Məmmədov: “Bunu qəbul edə bilmirəm”

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlax şəhər stadionunda baş tutmuş görüşü meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edlmiş mətbuat konfransında bunları söyləyib:

“Komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Buna görə də futbolçuları motivasiya etmək çox çətin idi. Onları başa düşürəm. Amma oyuna hazır olmaq üçün çalışdılar. Bilirdik ki, gərgin matç olacaq. Evdə qalib gəlmək istəyirdik. Bunun üçün imkanımız var idi. Hesabda önə keçdik. Xırda səhvlərdən “Qəbələ” bizə qol vurdu. Rəqibi təbrik edirəm. Premyer Liqa səviyyəsində hər detala diqqət etmək lazımdır. Çox məyusam. Amma nə etmək olar? Həyat davam edir. Futbolçular isti havada əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm.

Birinci hissədə hücumda kəsərli deyildik. “Qəbələ”nin müdafiəçiləri hücumlarımızın qarşısını çox asanlıqla alırdılar. İkinci hissədə dəyişikliklər etdik. Bundan sonra hücumda daha kəsərli olduq. Bu hücumların birində qol vurduq. Təəssüf ki, dərhal iki qol buraxdıq”.

Füzuli Məmmədov “Karvan”da qalıb-qalmayacağı barədə sualı da cavablandırıb:

“Çempionat davam etdiyi üçün rəhbərliklə bu barədə danışığımız olmayıb. Mövsüm bitədən sonra danışacağıq. Mayın sonuna qədər klubla müqaviləm var. Sona qədər işimi vicdanla görəcəyəm. Ondan sonra yəqin ki, rəhbərliklə görüşümüz olacaq. Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, burada qala bilərəm. Olmayacaqsa, digər təklifləri dəyərləndirməyə məcburam. Hələ bir oyunumuz qalıb. Sona qədər oynamalıyıq. Futbolçuların mayın sonuna qədər müqaviləsi var. Hamı işini vicdanla yerinə yetirməlidir. Mövsüm bitdikdən sonra hər şey rəhbərliyin istəyindən asılı olacaq.

Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarla münasibətim hər zaman yaxşı olub. Hansısa oyunçu əsas heyətdə olmayanda soyuqluq yarana bilər. Bu münasibəti istiləşdirmək üçün maksimum çalışırıq. Ambisiyalı adamam, uğura acam. Heç vaxt bu qədər məğlub olmamışam. Qəbul edə bilmirəm. Keyfiyyət fərqini anlayıram. Amma yenə də futbolçuları qələbə üçün kökləyirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: