“Kəpəz”in sabiq futbolçusu, gürcü yarımmüdafiəçi Georgi Kantariya bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın köhnə-yeni iştirakçısının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib. Əyalət təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Kantariyanın sonuncu klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda “Kəpəz” klubunun da formasını geyinib. Yarımmüdafiəçi 2022/2023 mövsümündə Gəncə təmsilçisinin heyətində 33 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Georgi Kantariya karyerası ərzində “Neman” (Qrondo), “Telavi”, “Zuqdidi” kimi klubların da formasını geyinib. O, vaxtilə Gürcüstanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Şamaxı” daha öncə Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rüfət Abbasov, Belaydi Pusi və Brahim Konateni də heyətinə qatmışdı. Rauf Rüstəmli isə “Sabah”dan icarəyə götürülüb. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənov “Şamaxı” ilə yeni müqavilə bağlayıblar. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov da komandanı tərk ediblər. Sahib Həsənov isə “Difau Ağsu”ya icarəyə göndərilib.


