Heç-heçələr və yubileylər turu: Orxan Sadıqlı 150-yə çatdı

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan “Şamaxı” ilə oyun “Kəpəz”in qapıçısı Orxan Sadıqlı üçün əlamətdar olub. Arena.az xəbər verir ki, o, Premyer Liqada 150-ci oyununu keçirib.

30 yaşlı qolkiperin yubiley görüşü 1:1 hesabı ilə başa çatıb. Orxan Sadıqlı Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.

Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.

Yeri gəlmişkən, Premyer Liqanın 31-ci turu heç-heçələrlə zəngin olub. Beş oyundan 3-ü bərabərliklə yekunlaşıb.

“Şamaxı” – “Kəpəz” və “Səbail” – “Neftçi” qarşılaşmaları 1:1, “Qarabağ” – “Zirə” matçı 2:2 hesabı ilə nəticələnib. Digər iki görüşdə qonaqlar qələbə qazanıblar. “Sabah” “Turan Tovuz”u 2:0, “Qəbələ” “Sumqayıt”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Turdakı heç-heçə sayında mövsümün rekordu təkrarlanıb. Eyni cütlərin qarşılaşdığı 15-ci turda da üç sülh yaşanmışdı. Ötən il noyabrın 27-29-da keçirilən matçlarda “Qarabağ”la “Zirə” qolsuz bərabərə qalıb, Şamaxı və Sumqayıtda 1:1 hesabı qeydə alınıb. “Neftçi” “Səbail”i evdə 3:1, “Sabah” səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.

Maraqlıdır ki, heç-heçə turundakı iki nəticə Azərbaycan çempionatları tarixində yubiley sayda qeydə alınıb. “Şamaxı” – “Kəpəz” görüşü 1:1 hesabı ilə nəticələnən 500-cü matç olub. “Qarabağ” – “Zirə” qarşılaşması isə 2:2 hesablı 150-ci bərabərlikdir.

“Qarabağ” isə Premyer Liqada qollu oyunlar seriyasını 16-ya çatdırıb. “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb. 15-ci turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Xatırladaq ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: