İngiltərənin “Tottenhem” klubunun qapıçısı Huqo Lyoris futbol üzrə Fransa millisindəki karyerasını başa vurmaq qərarına gəlib. Arena.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
36 yaşlı qapıçı bundan sonra millidə oynamayacağını bildirib: “Elə bir vaxt gəlir ki, cilovu necə təhvil verəcəyini bilməlisən. Fikrimcə, komanda inkişaf etməyə hazırdır. Bir nömrə olmağa hazır olan qapıçı da var”.
Huqo Lyoris Fransa yığmasında 2008-ci ilin noyabrında debüt edib. Həmin vaxtdan bəri o, milli komandada 145 oyuna çıxıb. O, ötən ilin sonunda Qətərdə keçirilmiş dünya çempionatında Lilian Türamı (142) geridə qoyaraq millidə ən çox oyun keçirən futbolçuya çevrilib. Lyoris Fransa yığmasıyla DÇ-2018-in qalibi olub. AÇ-2016-nın finalçısı UEFA Millətlər Liqasının 2020/21 mövsümündə də çempionluq sevinci yaşayıb. DÇ-2022-də isə onun komandası gümüş medalla kifayətlənib.
Lyoris 2012-ci ilin yayından “Tottenhem”də çıxış edir. O, daha öncə ölkəsində “Nitsa” və “Olimpik” (Lion) klublarının da formasını geyinib. Təcrübəli qolkiper London təmsilçisində bütövlükdə 439 matça çıxıb.


