“İnter Mayami” Lionel Messi ilə ilk məğlubiyyətinə üzüldü

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Mayami MLS-in müntəzəm çempionatı çərçivəsində “Sinsinnati”ni qəbul edib.

Argentinalı superulduzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1. Bu məğlubiyyətlə “İnter Mayami” pley-off imkanlarının üstündən xətt çəkmiş olub.

Zədə səbəbindən ardıcıl 4 oyunu buraxmış “vağlar”ın argentinalı superulduzu Messi bu oyunun 55-ci dəqiqəsində meydana çıxaraq komandasına kömək etməyə çalışıb. Amma Messinin cəhdləri bəhrə verməyib. Qonaqlar 78-ci dəqiqədə argentinalı müdafiəçi Alvaro Barrealın vurduğu qolla qələbəni təmin ediblər.

Hazırda “İnter Mayami” MLS-in müntəzəm çempionatının Şərq konfransında 32 oyundan 33 xalla axırıncıdan əvvəlki – 14-cü yerdə qərarlaşıb. Beləliklə, “vağlar” pley-off oyunlarında iştiraka təminat verən ən azı 9-cu yerə nəzəri iddia şanslarından belə, məhrum olublar. Həledici 3 xalını itirmiş “İnter Mayami” üçün mövsümü uğursuz hesab etmək olar.
Müntəzəm çempionatın son iki oyununda “İnter Mayami” oktyabrın 19-da evdə və oktyabrın 22-də səfərdə “Şarlott” ilə qarşılaşacaq.

Messinin bu həlledici oyunların birincisində iştirakı böyük sual atındadır. Belə ki, argentinalı hücumçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Paraqvay və oktyabrın 18-də Peru yığmaları ilə oyunlarda iştirak üçün Argentina yığmasının heyətinə çağırılıb.

Xatırladaq ki, Lionel Messi bu ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 13 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

“Tansfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: