“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin oyunlarda iştirakı olmadan “vağlar” pis statistika ilə diqqət çəkirlər.
Arena.az məlumat verir ki, Messinin zədə və ya digər səbəblərlə iştirak etmədiyi 12 oyundan 7-də “İnter Mayami” məğlub olub.
Qalan 5 oyunun 3-də heç-heçə etmiş “vağlar” cəmi 2 oyunda qələbə qazana biliblər.
Messi ötən ilin yayında “İnter Mayami”yə gəlişindən sonra bütün yarışlarda “vağlar”ın heyətində 19 oyuna çıxıb, bu oyunlarda “İnter Mayami” 11 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 2 dəfə məğlub olub.
Xatırladaq ki, “Leo” hazırda zədəlidir və tədricən bərpa keçir. Hazırda argentinalı ulduz ümumi dəstə ilə məşqlərə çıxır.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 19 oyun, 16 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


