Azərbaycan Birinci Liqasında mübarizə aparan “İrəvan”ın futbolçuları komandanın bugünkü məşqinə çıxmaqdan imtina ediblər.
Arena.az-ın əldə etdiyi məlumata görə, futbolçular maaşlarını ala bilmədikləri üçün sözü bir yerə qoyaraq rəhbərliyə qarşı çıxıblar.
Onlar iki aydır ki, əməkhaqqılarını ala bilmirlər. Bu yöndə komandaya dəfələrlə vədlər verilsə də, yerinə yetirilməyib.
Xatırladaq ki, bir neçə gün öncə komandanın qapıçılarla iş üzrə məşqçisi Yuri Jidkov da eyni səbəbdən “İrəvan”ı tərk edib.
Maraqlıdır ki, “İrəvan” 2023/2024 mövsümünə ən uğurlu start vermiş komandadır. Sözügedən kollektiv geridə qalan 4 turda 3 qələbə, 1 heç-heçə ilə zirvədə qərarlaşıb. 10 xalı olan kollektiv 10 qol vurduğu halda öz qapısını toxunulmaz saxlayıb. Lakin bu cür maliyyə problemləri və narazılıqla çempionluğa iddialı bir kollektivin öz hədəflərinə çatması çətin görünür.



