Xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa bundan sonra Azərbaycan təmsilçisi “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən klub heyətini yeni futbolçu ilə gücləndirib. Belə ki, xorvat futbolçu İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilib. Onun bu klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi olduğu üçün, “Saba” Xorvatiya təmsilçisinə təzminat da ödəyib. Lakin transferin bu detalları açıqlanmır.
İvan futbolçu karyerası ərzində Xorvatiyanın “Rieka” (2018-2023), həmçinin icarə əsasında bu ölkənin “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib. O, bu klubun forması altında meydana çıxdığı 23 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Futbolçu Xorvatiyanın U-19, U-20 və U-21 milli komandalarının da şərəfini qoruyub.
Lepinitsa “Sabah”da 13 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, “Sabah” daha öncə Ukraynanın “Dinamo” (Kiyev) klubundan Kahim Parrisin transfer hüquqlarını almış, həmçinin sabiq hücumçusu Coy-Lens Mikelsi (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı) geri qaytarmışdı. Davit Volkov (“Zirə”), Kristian Sebalyos və Kristian da Silva isə komandanı tərk edib. Rauf Rüstəmli də “Şamaxı”ya icarəyə verilib.


