Jerar Pike Avropa futbol sistemini tənqid etdi

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike Şimali Amerikanın idman konsepsiyasının Avropa konsepsiyasından üstün olduğu qənaətindədir.

Arena.az bu haqda “Barca Universal” dərgisinə istinadən xəbər verir.

“Uzun müddətdir ki, Avropa səhnəsində ədalətli oyun gözləyirdik, ancaq siyasi səbəblərə görə bu, yoxdur. İndi PSJ və “Mançester Siti” kimi komandalar daha bildiyimiz səbəblərə görə böyük üstünlüyə malikdirlər. Xalqa məxsus “Barselona” və “Real”ın Avropada rəqabət aparması getdikcə çətinləşəcək.

Mənim üçün Amerikanın idman konsepsiyası Avropa konsepsiyasından qat-qat yaxşıdır. NBA-da 30 franşiza var və onların hamısı eyni istiqamətdə hərəkət edir, çünki eyni maraqları var””, deyə Pike fikrini açıqlayıb.

Xatırladaq ki, Jerar Pike ötən mövsüm karyerasını başa vurub. Pike “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu və Super Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb. Pikenin karyerasının qızıl dövrü “Barselona”dakı çıxışına təsadüf edir. “Barselona” ilə Pike 9 dəfə La Liqanı, 7 dəfə “Kral Kuboku”nu, 6 dəfə İspaniya Super Kubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 3 dəfə Klub Dünya Kubokunu qazanıb. Pike İspaniya yığması ilə Dünya və Avropa çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: