Jonatan Bamba və Karlos Dotor rəsmən “Selta”da!

Fransanın “Lill” klubunun vingeri Jonatan Bamba və Madrid “Real”ının yarımmüdafiəçisi Karlos Dotor “Selta”ya keçiblər.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bamba İspaniya klubu ilə 3, Dotor 5 illik müqaviləyə imza atıb. “Selta” Dotorun transferi üçün “Real”a 3 milyon avro ödəyibsə, Bambanı azad agent kimi heyətinə qatıb.

Jonatan Bamba Fransanın “Sent Etyen” klubunun yetirməsidir. Sol cinah vingeri “Paris”, “Sent Trüden”, “Anje” kimi klublarda da forma geyinib. 27 yaşlı futbolçu 2018-ci ilin iyul ayından “Lill”də forma geyinirdi. O, bu komandada 200 oyun keçirib, 29 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu bu ildən Fil Dişi Sahili yığmasına dəvət alır. O, bu komandanın heyətində 1 matça çıxıb.

Mərkəz yarımmüdafiəçisi olan Karlos Dotor isə “Real”ın yetirməsidir. 22 yaşlı ispan Madrid təmsilçisinin U-19 komandasında, əvəzedici heyəti sayılan “Real Madrid Kastilya”da çoxlu oyun keçirsə də, əsas komandada debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, bir neçə gün öncə “Lill”dən ayrılan Yonas Martin Liqa 1-in digər təmsilçisi “Brest”ə keçib. 33 yaşlı fransız futbolçu bu klubla 2 illik müqavilə bağlayıb.

Martin ötən ilin yayında “Lill”ə qoşulmuşdu. O, bu komandada cəmi 13 oyuna çıxıb. Yonas karyerası ərzində “Monpelye”, “Strasburq”, “Renn”, “Amyen”, “Betis” kimi klublarda da forma geyinib.

“Brest” müdafiəçisi Kenni Lala ilə də yeni müqavilə bağlayıb. Onunla da 2 illik sözləşmə imzalanıb. Lala ötən mövsüm Liqa 1 çərçivəsində 17 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: