Portuqaliya yığmasının hücumçusu Dioqo Jota yığmanın ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun özünə təsirindən danışıb.
Arena.az Jotanın bu barədə fikrini təqdim edir:
“Mən bundan əmin deyiləm ki, AÇ-2024 Ronaldonun son beynəlxalq yarışıdır. Onun bu barədə sonuncu yarış kimi danışdığına şübhə edirəm. Bununla belə, Ronaldo məni uşaqlıqdan, xatirimdə qalan vaxtdan ilhamlandırıb.
O, örnəkdir və bir neçə dəfə “Qızıl top”u qazanıb. Kristiano mənim üçün bir ölçüdür. Onunla paltardəyişmə otağını bölüşdüyümə və ondan dərs aldığıma görə şadam. Bunun üçün ona minnətdar olacağam”, deyə Jota vurğulayıb.
Vurğulayaq ki, AÇ-2024-də Ronaldo 5 oyunda iştirak edib və cəmi 1 məhsuldar ötürmə ilə fərqlənə bilib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” kimi klubların da formasını geyinib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


