Joze Mourinyo: “Futbolda ən vacibi, qələbə qazanmaqdır”

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo komanda ilə iş tərzindən danışaraq, futboldakı tələblərini açıqlayıb.

Arena.az “Adidas” dərgisinə istinadən “Mour”un bu barədə fikirlərini təqdim edir:

“Futbolda ən vacib şey fəlsəfə satmaq deyil, qələbə qazanmaqdır. Bu, bəhanə satmaq deyil. Bu, qalib olmaq deməkdir. “Yaxşı, mən rəhbərəm, qərarı mən verirəm” demək güclü şəxsiyyət tələb edir. Bu, müzakirə edilə bilməz. Təlim səhər saat 10-da başlayırsa, bir dəqiqə də gözləmirəm. Çalışdırmaq zövqünə və şərəfinə heç vaxt imkanım olmayan Dieqo Maradona olsan belə, 10-da başlamaq – demək, 10-da başmaqdır.

Komanda ən vacib şeydir. Dünyanın ən yaxşı oyunçusu olsan belə. Bir məşqçi kimi yumşaq və güclü olmalısan. Ola bilsin ki, “yumşaq” sözü düzgün söz deyil – açıq olmaq lazımdır, oyunçuların nə düşündüklərinə, oyunçuların hiss etdiklərinə çox açıq olmaq lazımdır. Bir komanda ilə işlədiyin üçün sadəcə öz ideyalarına sadiq qalmamalısan.

Komandanın öz səsi, öz fikri olmalıdır və onu paylaşmalıdır. Oyunçularla açıq olmalısan ki, hər şey bir komanda kimi işləsin. Ardıcıl üç oyunda qalib gəlirsən, amma bu cənnət deyil, çünki məğlubiyyət yaxınlaşır. Ardıcıl iki və ya üç oyunda uduzmaq da cəhənnəm deyil, çünki bu qaranlıq andan çıxıb yenidən qalib gələcəksən.

Tarazlığı saxlamaq çox vacibdir, təcrübə ilə çox şey öyrəndim. Düşünürəm ki, nə qədər çox təcrübəniz varsa, bir o qədər tarazsınız. Oyunçular sizə baxır və bir qaya – və etibar edə biləcəkləri kimsəni görürlər”, deyə “Mour” bildirib.

Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə o, paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.

Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.