“Kəpəz” Salif Sisseni heyətinə qatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan Gəncənin “Kəpəz” klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, əyalət klubu fransalı hücumçu Salif Sisseni heyətinə cəlb edib.

Bu barədə Gəncə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə imzalandığı diqqətə çatdırılıb.

Salif Sisse son olaraq Litvanın “Hegelman” komandasının uğurları üçün çalışıb. O, 2022-ci ilin yanvarından formasını geyindiyi bu klubdan bu ayın əvvəlində azad agent kimi ayrılıb. Fransalı forvard Litva təmsilçisində 30 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Sisse daha öncə “Le Man”, “Limoqes”, “Luçon”, “Motema Pembe”, “Belfort”, “Atletiko Marsel”, “Qrenvill”, “Tsarsko Selo” və “Botev” (Plovdiv) kimi klubların da formasını geyinib.

“Kəpəz” Sissedən öncə “Sabah”ın iki gənc futbolçusunu icarəyə götürmüşdü. Abdulla Rzayev və İdris İnqilablı da mövsümün sonuna kimi Gəncə klubunun şərəfini qoruyacaq. 20 yaşlı Rzayev müdafiəçi, 21 yaşlı İnqilablı isə yarımmüdafiəçidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: