“Kəpəz” yubiley matçında 18 il sonra bu aqibəti yaşadı

“Kəpəz” futbol üzrə Azərbaycan kubokunda 50-ci səfər oyununu keçirib. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi 1/8 final mərhələsi çərçivəsində Masazırda “Sabah”ın qonağı olub.

Bakı klubu qərblilərin yubileyində 3:0 hesabı ilə qalib gəlib. Hazırda Birinci Divizionda çıxış edən “Kəpəz” 50 səfər matçında 24 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. 70 qol vuran gəncəlilər 59 top buraxıblar.

Qeyd edək ki, yalnız “Neftçi” (74) və “Qarabağ” (67) Azərbaycan kubokunda daha çox səfər matçı keçiriblər. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Gəncə təmsilçisi həm də Azərbaycan kubokunda üçüncü dəfə böyük hesabla uduzub. Sözügedən komanda “Sabah”la görüşə qədər yalnız iki dəfə üç və ya daha çox top fərqlə məğlub olmuşdu. Bu qarşılaşmalardan biri evdə, biri səfərdə baş tutub.

“Sabah”a 0:3 hesablı məğlubiyyətə qədər gəncəlilər 18 il idi səfərdə böyük hesabla uduzmurdular. Buna qədərki yeganə belə məğlubiyyət 2003/04 mövsümündə qeydə alınıb. Həmin vaxt Gəncə təmsilçisi Şəmkirdə eyniadlı komandaya 0:5 hesabı ilə yenilib.

İlk dəfə üç top fərqi ilə uduzan “Kəpəz”in digər böyük məğlubiyyəti üç il əvvəl “Səbail”lə ev matçına təsadüf edib – 0:4.

Sonda onu da xatırladaq ki, “Kəpəz” bu mövsüm Birinci Divizionda keçirdiyi 10 oyunda 18 xal toplayıb. Sözügedən kollektiv hazırda 13 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Bu komanda lider “Qaradağ Lökbatan”dan yeddi xal geri qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: