Kante Poqbanın Fransa yığmasına mümkün qayıdışından danışdı

Fransa yığmasının kapitanı N’Qolo Kante yarımmüdafiəçi Pol Poqbanın “xoruzlar”ın heyətinə mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, Kantenin bu barədə fikrini təqdim edir:

“Bu, həm Poqba, həm də Fransa komandası üçün faydalı olardı. Bu gün hər şey məşqçidən asılıdır, çünki yeni nəsil oyunçuları da yetişiblər. O, heyətə qayıda bilsəydi, bu, əla olardı, amma son qərarı məhz məşqçi verəcək”, deyə Kante vurğulayıb.

Xatırladaq ki, cari ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir, mart ayından etibarən isə Poqba futbol oynaya bilər. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.

Əlavə edək ki, noyabrın 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam veriləcək və fransalı futbolçu azad agentə çevriləcək. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşə iddialıdır, xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: