Futbol üzrə Misir milli komandasının baş məşqçisi Karlos Keyroş istefa verib. Arena.az xəbər verir ki, bu barədə 69 yaşlı mütəxəssis “Twitter” hesabında paylaşım edib.
Portuqaliyalı məşqçi dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün postunu tərk etdiyini bildirib:
“Xəyalımız gerçəkləşmədi. Əlimizdən gələni etdik, amma bu, kifayət etmədi. Misir Futbol Federasiyasına və futbolçulara təşəkkür edirəm. Siz həmişə mənim ürəyimdə qalacaqsız”.
Misir millisi Afrika zonası üzrə seçmə mərhələdə Seneqala uduzaraq (1:0, penaltilər – 1:3) mundialdan kənarda qalıb.
Karlos Keyroş 2021-ci ilin 8 sentyabrından Misir yığmasına rəhbərlik edirdi. O, bu müddətdə sözügedən komandanı 20 oyuna çıxarıb. Misirlilər bu matçlarda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 3 məğlubiyyətə üzülüblər.


