Karlos Keyroş Qana millisindən ayrıldığını açıqladı

Portuqaliyalı mütəxəssis Karlos Keyroş futbol üzrə Qana milli komandasının baş məşqçisi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, 73 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Qana millisi dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Keyroş sosial şəbəkə hesabında paylaşdığı vida müraciətində komandanın gördüyü işlərlə qürur duyduğunu, lakin daha böyük uğurlar əldə etmək istədiyini bildirib:

“Futbol, həyat kimi, bizə bir həqiqəti öyrədir: ya qalib gəlirsən, ya da öyrənirsən. Bu yolu əldə etdiklərimizlə fəxr edərək, eyni zamanda daha artığını istəməyin yaratdığı sağlam narazılıq hissi ilə başa vururam. Daha yüksək səviyyəyə yüksəlmək son məqsəd deyil, daha böyük hədəflər üçün başlanğıc nöqtəsi olmalıdır”.

Portuqaliyalı mütəxəssis Qana futbolunun gələcəyinin yalnız meydandakı nəticələrdən asılı olmadığını da vurğulayıb:

“Qana millisinin gələcəyi təkcə meydanda qurulmayacaq. Uğur futbolçuların hazırlanması, qorunması və inkişafı üçün ən yaxşı şəraitin yaradılması ilə başlayır”.

Karlos Keyroş Qana Futbol Assosiasiyasının rəhbərliyinə ona göstərilən etimada görə təşəkkür edib, futbolçulara və məşqçilər korpusuna isə fədakarlıqlarına görə minnətdarlığını bildirib, azarkeşlərə müraciətində isə bunları deyib:

“Tam idman məmnunluğundan danışa bilmərik. Amma qürurla deyə bilərik ki, Qananın şərəfini qoruduq və komandanın futbolun ən böyük səhnəsində hörmətini bərpa etdik. Təşəkkürlər, Qana! Yol indi başlayır. Gələcəyə doğru”.

Qeyd edək ki, Karlos Keyroş 2026-cı ilin aprelində Qana millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlmişdi. Qana yığması mundialın qrup mərhələsində Panama üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya 1:2 hesabı ilə uduzub, İngiltərə ilə isə qolsuz heç-heçə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: