Kilian Mbappe Əl-Xelaifiyə münasibəti haqda: “Əlini sıxardım”

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-nin prezidenti Nasser Əl-Xelaifi ilə münasibəti haqda danışıb.

Arena.az xatırladır ki, tərəflər arasında, Paris klubunun futbolçuya maaş borcu ilə bağlı mübahisə var və bu iş məhkəmədə çözülür.

Kilian də söhbətə müvafiq xüsusdan başlayıb:

“Bu, vəkillərin əlindədir. Mən düşünürəm ki, bu, tezliklə tənzimlənəcək, bu, mənim narahat olduğum xüsus deyil. Mən yeddi il Parisdə oynamışam, mən orada qeyri-adi məqamlar yaşamışam. Mən ancaq mənfi xüsuslara baxan adam deyiləm, mən, mənə həyatda təqdim edilənlər müqabilində nəcib ola bilirəm – həm peşəkar və həm də şəxsi baxımdan. Əlbəttə, mən onun əlini sıxardım”, – “Le Parisien” dərgisi Mbappedən sitat gətirir.

Xatırladaq ki, Mbappe PSJ-dən 55 milon avro məbləğində maaş və əlavə üstəliklər borcunu tələb edir. PSJ isə Nasser Əl-Xelaifi başda olmaqla bu məsələ ilə razılaşmır. Tərəflər ötən ilin yayından məhkəmələrə ayaq döysələr də, hələ də razılığa gələ bilməyiblər.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 44 oyuna çıxıb, 31 qol vurub, 5 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: