Məlum olduğu kimi, Fransa yığması AÇ-2024-ün yarımfinalıda İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, yarışı tərk edib.
Arena.az məlumat verir ki, “xoruzlar”ın kapitanı, ulduz hücumçu Kilian Mbappe yarışda mütləq antirekorda imza atıb.
“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata əsasən, Mbappe yarışda qapıya zərbələrin qol olaraq nəticələnmədiyi mütləq göstəriciyə – 23 zərbəyə nail olub. Bu da cari yarışın mütləq antirekordudur. Cari Avropa çempionatında Mbappe Portuqaliya yığmasının veteran kapitanı, ulduz hücumçu Kristiano Ronaldonun nəticəsini (22 qolsuz zərbə) geridə qoyub.
Xatırladaq ki, Avropa çempionatları tarixində penalti zərbələri istisna olmaqla, oyundan qol olaraq gerçəkləşməmiş qapıya zərbələrin mütləq antirekordu, Portuqaliya yığmasnın keçmiş futbolçusu Dekuya məxsusdur. Deku Portuqaliyada keçirilmiş AÇ-2004-də qapıya 24 dəfə qol gətirməmiş zərbə endirib.
Transfer dəyəri 180 milyon avro məbləğində qiymətləndirilən, dünyanın ən bahalı fransalı “xoruzu”nun AÇ-2024-də keçirdiyi oyunlarda səmərəsi, “D” qrupunun 3-cü tur oyununda yarış cədvəli baxımından əhəmiyyət kəsb etməyən, Polşa yığması ilə oyunda (1:1) penaltidən vurduğu qoldan ibarətdir. Buna rəğmən, “xoruzlar” sürünə-sürünə yarımfinala çıxmağı bacarıblar. Burada isə onlar AÇ-2024-ün əsas favoriti İspaniya yığmasına məğlub olublar.
Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe meydana qoruyucu maska ilə çıxıraraq oynayırdı. Məhz bu səbəbdən onun tam gücü ilə oynaya bilmədiyi iddia edilirdi.


