Kilian Mbappe: “Başımı dik tutaraq ayrılıram”

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe yayda klubdan ayrılacağı mənzərəsində sosial şəbəkələrin birində paylaşması ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, daha əvvəl, Fransa futbolçular və məşqçilər ittifaqı (UNFP) tərəfindən Liqa 1-in cari mövsümünün ən yaxşı oyunçusu seçilmiş Mbappe bu münasibətlə fikrini açıqlayıb:

“Liqa 1-in ən yaxşı oyunçusundan bu beşinci mükafatı müqabilində böyük duyğular. Bütün bu illər ərzində aldığım sevgiyə görə çox sağ olun. Klubla keçirdiyim xüsusi məqamları heç vaxt unutmayacağam. Komanda yoldaşlarıma və bu xüsusi və nüfuzlu klub olan PSJ-nin əməkdaşlarına daim özümün ən yaxşı siması olmağıma imkan yaratdıqları üçün təşəkkür edirəm. Başımı dik tutaraq ayrılıram, amma heç vaxt unutmayaraq ki, sizə sonsuz minnətdaram”, – Mbappe yazıb.

Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi bu ilin iyun ayının sonunda başa çatacaq. Fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappenin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.